İnternetdə saytları tapmağı asanlaşdırmaq üçün domen adları icad edilib. Əvvəllər bir brauzerdə saytı açmaq üçün həmin saytın rəqəmsal ünvanını xatırlamalıydınız. Rəqəmsal bir ünvan və ya IP ünvanı, nöqtələrlə ayrılmış dörd ədədin birləşməsidir. IP ünvanı saytın yerləşdiyi serverə işarə edir ( Məs: 7.135.10.13.).

Nümunə üçün desək, reqemsal.info, siz hal- hazırda bu yazını oxuduğunuz saytın domenidir. Domenin nöqtədən sonra gələn hissəsinə isə domen sonluğu deyilir. Domenlər  ümumilikdə 2 yerə, ölkələrə məxsus və beynəlxalq domenlərə ayrılır.   (Məs: .az-Azərbaycana məxsusdur. .com, .net, .info, .org, və. s beynəlxalq domenlərdir ).

Domenlər ən az 2, ən çox 63 simvoldan (.az sonluqlu domenlər üçün bu limit üçdür) ibarət ola bilər. Hərf, rəqəm və - işarətini domenlərinizdə istifadə edə bilərsiniz.

Bir domen adı yalnız bir dəfə alına bilər təkrar qeydiyyatı mümkün deyil. Əslində domen adları ildə bir dəfə ödənişlə internetdə icarəyə götürülmüş sayılır. Bu ödəmə 1-10 il müddətinə edilə bilər. Domenlərin alınma tarixindən bir il keçdikdən sonra ödəmə edilməzsə domenin fəaliyyəti dayandırılır. 1 ay müddətinə   təkrar ödəniş edilməzsə domen ümumiyyətlə bloklanır və bundan sonra domen xidməti göstərən şirkətin qaydalarına uyğun olaraq   təxminən 90 günə qədər bir zaman intervalından sonra  təkrar satışa çıxarılır. Ən yaxşı domenlər 30 gün ödəniş edilmədikdən sonra 5 gün silinmə periodunu da keçəndən sonra premium domen kimi öncədən satılmış və ya domen şirkəti tərəfindən alınaraq premium domen kimi qiymətindən dəfələrlə baha qiymətə satışa qoyula bilər. Buna görə də sizin üçün dəyərli olan bir domenin ödənişini gecikdirməyin. Domen adlarının alınıb alınmamasını yoxlamaq üçün domen satışını həyata keçirən saytların tərkibində olan WHOIS vasitəsi ilə  yoxlaya bilərsiniz.

Yuxarıda qeyd edilən texniki məqamları nəzərə alaraq istədiyiniz domen adını seçə bilərsiniz. Lakin, domen adı seçərkən diqqət etməli olduğunuz doğru ad seçimi, saytınız axtarış sistemlərində yuxarı sıralarda çıxmasına təsir edəcək ad seçimi kimi digər müxtəlif məqamlar da var ki, hansı ki, bu məqamlar gələcəkdə saytınızın fəaliyyəti üçün əhməiyyətli rol oynayacqdır.

İstənilən sonluqlu domen almaq mümkün deyil. Domen sonluğu seçmək domen adı seçməkdən daha qəlizdir. Belə ki, siz yalnız ICANN (Adların və Nömrələrinin Təyinatı üzrə İnternet Kooperasiyası) tərəfindən təsdiqlənmiş sonluqları seçə bilərsiniz.

Domen qeydiyyat etmək üçün çox saylı şirkətlər var. Yerli .az sonluğunun rəsmi qeydiyyatçısı Online.az-dır.   Başqa saytdan  .az sonluqlu domen almaq tövsiyyə olunmur.  Beynəlxalq domenləri almaq üçün isə GoDaddy.com, Domain.com, Namecheap.com, Name.com kimi  məşhur  beynəlxalq provayderləri misal gətirmək olar. Qiymətlər isə domen sonluğundan aslı olaraq dəyişir. Belə ki, .az domenin illik qiyməti ilk il üçün 40 AZN, növbəti illər üçünsə 20 AZN-dir. Beynəlxalq domenlərin qiymətləri isə çox zaman avro və dollar ilə tənzimləndiyinə görə günümüzə görə qiymətlər dəyişə bilər.

Beləliklə, domen bir saytın əsas elementlərindən biridir və domen adı olmadan saytlardan kütləvi şəkildə istifadə etmək, demək olar ki, mümkün deyil.

ICANN tərəfindən təsdiqlənmiş domen sonluqlarının bölündüyü üç əsas qrup:

1.Yüksək Səviyyəli Domenlər (TLD – Top Level Domains): .com, .net, .org, .biz, .info və s. kimi sonluqlar bu qrupa aiddir.
2.Yeni Yüksək Səviyyəli Domenlər (nTLD – New Top Level Domains): .news, .online, .club, .tech və s. kimi sonluqlar bu qrupa iddir.
3.Ölkə Kodlu Yüksək Domenlər (ccTLD – Country Code Top Level Domains): .az, .ru, .fr və s. kimi, ölkə sonluqlu domen adları da bu qrupa aiddirlər.

Yüksək Səviyyəli Domenlərin (TLD – Top Level Domains) mənaları:
com – kommersiya təşkilatları
org – qeyri- kommersiya təşkilatları
edu – təhsil müəssisələri
biz – sahibkarlıq fəaliyyəti
gov – dövlət və yerli üzünüidarə orqanları
info – kütləvi informasiya vasitələri
name – fiziki şəxslər
net – İnternet şəbəkəsinin inkişafında iştirak edən təşkilatlar və layihələr üçün nəzərdə tutulub
 
Beynəlxalq domenlərlə  .az domeni arasında funksiya baxımından heç bir fərq yoxdur.